İQTİSADİYYAT
İordaniya Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verir
Bakı, 6 dekabr (AZƏRTAC). Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin ticarət və sənaye naziri, Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının İordaniya tərəfdən həmsədri Sami Qammoh ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə İordaniya arasında ticarət və iqtisadi sahələrdə əlaqələrin inkişafına, eləcə də hökumətlərarası komissiyanın 2011-ci ilin aprelində Bakıda keçirilmiş ikinci iclasının protokolunun müddəalarının icra mexanizminə dair müzakirələr aparılmışdır.
Görüşdə rabitə və informasiya texnologiyaları sahəsində hər iki ölkənin işçi qruplarının ilk iclasının 2012-ci ilin yanvarın 16-da, Nəqliyyat üzrə Müştərək Komissiyanın iclasının isə 2012-ci ilin martının sonuncu həftəsi Əmmanda keçirilməsi ilə əlaqədar İordaniya tərəfinin təklifləri müzakirə edilmişdir.
İordaniyanın Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayan S.Qammoh rabitə və nəqliyyat sahələrində Əmmanda keçiriləcək müştərək tədbirlərin yüksək səviyyədə təşkil olunacağını bildirmişdir.
Görüşdə ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün hər iki tərəfin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin vacibliyi vurğulanmışdır.