İQTİSADİYYAT
İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 19 mart, AZƏRTAC
Martın 29-da Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanəti Fondu” ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın məbləği 20 milyon manat, nominal dəyəri min manat, hərrac qiyməti min manat, tədavül müddəti 22 il, faiz dərəcəsi 3 faizdir. “Unicapital İ.Ş” ASC anderrayter vəzifəsində çıxış edir.
Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. İKZF-in ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.