İDMAN
İran alpinist qrupu azərbaycanlı bələdçinin rəhbərliyi ilə uğurla Kazbek dağına qalxıb
Bakı, 26 avqust (AZƏRTAC). İran alpinist qrupu azərbaycanlı idmançı, Azərbaycan Alpinizm Federasiyasının (AAF) bələdçisi Sirxan Məmmədovun rəhbərliyi ilə uğurla Kazbek dağına (5033 metr) qalxıb.
AAF-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekspedisiyada Tehran, İsfahan, Şiraz və digər İran şəhərlərindən olan 42 alpinist iştirak edib.
İdmançıların arasında İran Alpinizm Federasiyasının Himalay ekspedisiyalar komitəsinin rəhbəri Hüseyn Nəzəri də olub. Qrupun tərkibində təcrübəli alpinistlərlə yanaşı, cəmi bir zirvəyə qalxan yeni idmançılar da yer alıb.
Hava şəraitinin küləkli olması alpinistlərin işini xeyli çətinləşdirib. Ona görə də, qrupun təxminən yarısı (17 nəfər) 2700 metr hündürlükdən geri qayıdıb. İki nəfər 3700 metr hündürlüyə çatandan sonra yürüşü dayandırıb. Bir xanım isə zirvəyə az qalmış qalxmaqdan imtina edib.
Buna baxmayaraq, Sirxan Məmmədovun rəhbərliyi ilə qalan 22 alpinist bütün maneələri aşaraq Kazbek zirvəsinə qalxıb.