İQTİSADİYYAT
İRAN ŞİMAL-CƏNUB NƏQLİYYAT DƏHLİZİ LAYİHƏSİ ÜZRƏ İŞLƏRİ SÜRƏTLƏNDİRMƏK NİYYƏTİNDƏDİR
İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare AZƏRTAC-a bildirmişdir ki, İran Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi üzrə işləri sürətləndirməyi planlaşdırır.
Səfir demişdir ki, hazırda dəmir yolu layihəsinin reallaşdırılması və işlərin sürətləndirilməsi məqsədi ilə İran, Azərbaycan və Rusiya dəmir yolu administrasiyaları konsorsiumunun yaradılması barədə iş gedir. İran Qəzvin-Rəşt və Rəşt-Ənzəli layihələri üzrə tikinti aparmağı planlaşdırır. Əgər Azərbaycan ərazisindəki 8 kilometrlik hissədə yeni dəmir yolunun tikintisi reallaşarsa, İran tərəfi tikintini Ənzəlidən deyil, İran Astarası-Rəşt istiqamətində başlaya bilər.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabrında imzalanmışdır. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulmuşdur. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 kilometr uzunluqda yeni dəmir yolu, hər biri 1050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər cütlərini dəyişmə məntəqəsi inşa olunacaqdır. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluqda körpü inşa edilməsi də nəzərdə tutulur.