DÜNYA
İranda bir gündə 5 ton narkotik vasitə müsadirə olunub
Tehran, 30 aprel, AZƏRTAC
İranın hüquq-mühafizə orqanlarının birgə keçirdiyi xüsusi əməliyyat nəticəsində bir gün ərzində 5 ton narkotik vasitə müsadirə edilib.
AZƏRTAC İran polisinin yaydığı məlumata əsasən xəbər verir ki, Əfqanıstan, Pakistan və Türkiyə ilə sərhədə, eləcə də Sistan-Bəlucistan, Xorasan, Urmiya və Həş şəhərlərində genişmiqyaslı əməliyyatlar keçirilib. Polis və xüsusi xidmət orqanları sərhəd məntəqələrində şübhəli avtobuslara və digər yük maşınlarına baxış keçirərək külli miqdarda narkotik vasitə aşkar ediblər.
Bundan başqa, adıçəkilən şəhərlərdə keçirilən reydlər zamanı da bəzi evlərdə narkotik vasitələrin qanunsuz saxlanılması aşkar olunub.
Əməliyyatlar nəticəsində ümumilikdə 5 ton narkotik vasitə müsadirə edilib. Həbs olunanlar da var. Faktla bağlı bir neçə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmalar İran ərazisindən tranzit kimi istifadə edərək narkotikləri qanunsuz yollarla Əfqanıstandan Avropaya daşıyırlar.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran