DÜNYA
İranın valyuta bazarında qeyr-sabit vəziyyət davam edir
Tehran, 26 iyun (AZƏRTAC). Son bir həftədə İran milli valyutası ABŞ dolları ilə müqayisədə təxminən 12-15 faiz yüksəlmişdir. Bu proses ölkənin valyuta bazarındakı qeyri-sabitliyi daha da artırmışdır. İyunun əvvəlində ölkədə bir ABŞ dolları 36700 riala dəyişdirilmişdir. Prezident seçkiləri ərəfəsində rialın məzənnəsində sıçrayışlı artım müşahidə olunmuşdur. İyunun 24-də ölkədə bir dolar 30100 riala satılmışdır. Bunla belə, ölkədə dollar və avro qıtlığı müşahidə olunmuşdur. İyunun 25-də axşam saatlarından başlayaraq qara bazarda bir ABŞ dolları 32000-a qədər yüksəlmişdir. Ölkənin valyuta bazarında yaranmış qeyri-sabit vəziyyət qarşılıqlı ödəmələrin həyata keçirilməsində bir sıra problemlər yaratmışdır. O cümlədən, bütün məhsulların qiymət artımında da özünün göstərməyə başlamışdır.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran