SİYASƏT
IRAQ ERMƏNISTANI TƏCAVÜZKAR HESAB EDIR
Iyulun 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Haci Allahşükür Paşazadə İraq Respublikasının vəqflər və dini işlər naziri Əbdül Munim Əhməd Saleh başda olmaqla bu ölkənin nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin sədri qonaqları salamlayaraq bildirmişdir ki, İraq ilə Azərbaycan arasında coxdan dostluq münasibətləri var. Ölkələrimizin xalqlarını təkcə ümumi din deyil, həm də mədəniyyət, tarix və ənənələr birləşdirir. Şeyxülislam vurğulamışdır ki, İraq Aərbaycanın ərazi bütövlüyünü daim dəstəkləmişdir və İraqın xarici işlər naziri bu yaxınlarda onunla görüşdə bəyan etmişdir ki, onun ölkəsi Ermənistanı təcavüzkar sayır.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında münasibətlər bir çox istiqamətlərdə uğurla inkişaf edir. Azərbaycan vətəndaşları İraqda dini təhsil alır, azərbaycanlı zəvvarlar bu ölkənin müqəddəs yerlərini tez-tez ziyarət edirlər.
Cənab Əhməd Saleh səmimi görüş üçün təşəkkürünü bildirərək vurğulamışdır ki, İraq ölkələrimiz arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir. Onun ölkəsində Azərbaycan poeziyasının və elminin korifeylərinə - Məhəmməd Füzuli və Nəsirəddin Tusiyə böyük rəğbətlə yanaşırlar. Qonaq demişdir ki, İraq Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni daim dəstəkləyib və bundan sonra da dəstəkləyəcəkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev və İraqın Azərbaycandakı səfiri Qalib Əbdü Hüseyn Əl-Təmimi qəbulda iştirak etmişlər.