İDMAN
“İrəli” İctimai Birliyi sərgiyə yeni layihələri ilə gəlmişdir
Bakı, 28 noyabr (AZƏRTAC). Noyabrın 28-də Bakı Ekspo Mərkəzində açılmış “SportExpo-2012” Beynəlxalq idman, idman ləvazimatı və geyimi sərgisi və gənclər təşkilatlarının IV Respublika sərgisinə “İrəli” İctimai Birliyi yeni layihələri ilə gəlmişdir.
İctimai Birliyin sədri Rauf Mərdiyev AZƏRTACa-a müsahibəsində bu barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, sərginin iştirakçısı olan təşkilatın əsas məqsədi gənclərin yeni layihələrə cəlb edilməsidir.
Bundan əlavə, “İrəli”nin təşkil etdiyi radio vasitəsilə canlı yayım 3 gün davam edəcəkdir. Gənclər təşkilatlarının fəalları və qurumların rəhbərləri buraya dəvət olunacaq, fikir və təkliflərini bölüşəcəklər. Təşkilata qoşulmaq istəyən gənclər buradaca üzvlüyə qəbul ediləcəklər.
Sərginin mühüm əhəmiyyət kəsb etdiyini söyləyən R.Mərdiyev qeyd etmişdir ki, burada bir araya gəlmiş gənclər təşkilatları həm öz fəaliyyətlərini nümayiş etdirir, həm də digərlərinin işi ilə yaxından tanış olmaq imkanı qazanırlar. Bu sərgi birgə layihələrin işlənməsi üçün də gözəl məkandır.