İQTİSADİYYAT
İRİA-nın rəsmisi: “Super portal” layihəsi üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik

Bakı, 22 sentyabr, AZƏRTAC
Hazırda “Super portal”ın inkişaf etdirilməsi prosesi icra olunur. Layihə üzərində müxtəlif dövlət qurumları ilə birlikdə işləyirik.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Kibertəhlükəsizlik günləri” konfransı çərçivəsində jurnalistlərə açıqlamasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müşaviri Şahin Əliyev söyləyib.
“Bu, ölkəmiz üçün həm rəqəmsallaşma deməkdir, həm də innovasiya ekosisteminin bir parçasına çevriləcək. Çünki gələcəkdə həm bütün dövlət qurumları, həm də özəl şirkətlər bu platformaya inteqrasiya etməklə yeni innovativ həllər yarada biləcəklər”, - deyə o əlavə edib.
Şahin Əliyev bildirib ki, bu ilin sonunadək tətbiqin (portalın) istifadəyə verilməsi nəzərdə tutulur. Bu, həm biznes subyektlərinin, həm vətəndaşın, həm də dövlət qurumlarının işində səmərəliliyin artırılmasında ciddi rol oynayacaq.
Qeyd edək ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “e-Gov”, “MyGov” və “rih.gov.az” əsasında yeni, vahid bir elektron hökumət portal - “Super portal” və onun mobil versiyası (Rəqəmsal cüzdan) üzərində işləyir. İlkin mərhələdə 10 sənədin (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nikah şəhadətnaməsi, diplomlar və s.) tam rəqəmsal sənədə keçirilməsi nəzərdə tutulur. Data əsaslı xidmət də göstəriləcək. Bu resursa daxil olaraq təqdim edilən məlumat rəsmi sənəd statusu qazanacaq. Həmçinin vətəndaş hökumətin göndərdiyi bildirişləri qəbul edə, fərdi məlumatlarına nəzarət edə biləcək.