SİYASƏT
İSESKO-NUN BAŞ KATİBİ: DÜNYA DİNİ LİDERLƏRİ DAHA CİDDİ MÖVQE NÜMAYİŞ ETDİRMƏLİDİRLƏR
Bakı, 27 aprel (AZƏRTAC). Dini liderlərin dinlərarası qarşıdurmanı aradan qaldırmaq və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün ciddi mövqe tutmaları dünyada dini dialoqun yaxşılaşmasına gətirib çıxaracaqdır.
Bu sözləri aprelin 27-də dünya dini liderlərinin Bakı sammitində iştirak edən İSESKO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri jurnalistlərə bildirmişdir.
Onun sözlərinə görə, dini liderlərin mövqelərinin möhkəmlənməsi bugünkü problemlərin həllində siyasi liderlərə kömək edəcəkdir.
İSESKO-nun baş katibi Bakı sammitinin əhəmiyyətini vurğulayaraq demişdir ki, müasir dövrdə belə tədbirlər keçirmək olduqca vacibdir, çünki dünya xalqlararası və dövlətlərarası münasibətlərin pisləşməsinə gətirib çıxaran güclü mənəvi böhran və problemlərlə qarşılaşmışdır.
Ə.Tüveycri demişdir: “Bakı sammiti din amilini qlobal problemlərin həllində və xalqlararası qarşılıqlı hörməti artırmaq sahəsində əsas amillərdən birinə çevirməlidir.
Baş katibin sözlərinə görə, mədəniyyətlər və dinlər arasında qarşıdurma yaradan problemlərdən biri ayrı-ayrı şəxslərin hərəkətlərinin dinin simvolu və obrazı ilə ümumiləşdirilməsidir. O demişdir: “Bu mənəvi səhvdir, çünki ayrı-ayrı şəxslərin törədikləri cinayətlər, yaxud pozucu əməllər mədəniyyət və dinlə əsla əlaqəsi yoxdur. Odur ki, qanunu pozanları cəzalandırmaq lazımdır”.