SİYASƏT
İşğal altındakı Azərbaycan torpaqları azad olunmayana qədər Alican sərhəd qapısı açılmayacaqdır
Ankara, 12 yanvar (AZƏRTAC). Bu bəyanatı Türkiyənin Ermənistanla sərhəd rayonu olan İğdır ictimaiyyəti adından Türkiyə-Azərbaycan Dərnəyinin İğdır şöbəsinin sədri Sərdar Ünsal vermişdir.
S.Ünsal bildirmişdir ki, guya Suriya ermənilərinin Ermənistana göndərilməsi məqsədi ilə Alican sərhəd qapısının açılması üçün erməni lobbisinin Vaşinqtonda Ağ evə ünvanladığı müraciət təxribat sayılmalıdır. Çünki, Alican sərhəd qapısı Suriya sərhəddindən çox uzaqdadır. Bundan başqa, artıq 6 minə yaxın erməni Ermənistana köçürülmüşdür. Erməni lobbisi istəyir ki, bu amili bəhanə edib sərhəddin açılmasına nail olsun. Lakin, bu addım heç bir zaman atılmayacaqdır. Türkiyənin dövlət və hökumət başçılarının da işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər sərhəd qapılarının açılmayacağına dair bəyanatları vardır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara