MƏDƏNİYYƏT
İşıq əlifbası öyrədirəm barmaqlarıma…
Bakı, 6 aprel (AZƏRTAC). Aprelin 6-da Mətbuat Şurasında (MŞ) tədqiqatçı-jurnalist, nakam şair Fikrət Mursaqulovun zəngin və mənalı ömür yolundan bəhs edən “İşıq əlifbası” kitabının təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, şair-publisist Həzi Həsənlinin portret-povest janrında yazdığı bu kitabın təqdimat mərasimində MŞ-nin sədri Əflatun Amaşov məhrum şairin həyat və yaradıcılığından danışmışdır.
Bildirilmişdir ki, 1955-ci ildə saz-söz beşiyi Borçalı mahalının Marneuli şəhərində dünyaya göz açan F.Mursaqulovun gözləri iki yaşında ikən tutulmuşdu. Lakin o, taleyin ağır zərbəsinə boyun əyməmiş, daim irəliyə can atmışdır. 1980-cı ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra ömrünün sonunadək Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır.
Bədii yaradıcılığa məktəb illərindən başlayan Fikrət Mursaqulovun şeirləri, publisistik və elmi məqalələri müxtəlif qəzet və jurnallarda, ədəbi almanaxlarda dərc olunmuş, hazırladığı verilişlər respublika radiosu ilə səsləndirilmişdir. O, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur. Həyatdan vaxtsız-vədəsiz köçmüş nakam tədqiqatçının “Aşıq Ələsgər poetikası” mövzusunda namizədlik dissertasiyası yarımçıq qalmışdır. Ömrünün kükrəyib-daşan çağında - 1989-cu ildə dünyadan köçən nakam şair cəmi 34 il yaşasa da, publisistika və bədii yaradıcılıq sahəsində öz sözünü deyə bilmişdir. Onun “Təsəlli” adlı kitabı nəşr edilmişdir.
Qeyd olunmuşdur ki, F.Mursaqulov ürəyinin közündə bişirdiyi misraları sarı kağızlar üzərinə iynə ilə nöqtələr düzməklə köçürürdü. Oxuya-oxuya, yaza-yaza barmaqlarını işıq əlifbasına öyrədirdi.
“Uğur” nəşriyyatında çapdan çıxmış kitabın redaktoru və “Ön söz”ün müəllifi İlham Abbasov bildirmişdir ki, Fikrət Mursaqulovun yaradıcılığı, ayrılıqda götürdükdə, hər bir şeiri onun həyatının bir parçasıdır. Bu kitabda yer almış bir çox məqamlar təsdiq edir ki, müəllif Fikrətin daxili aləmini duyan və görən dostlardandır. Zənnimcə, kitabda şairin həyatı, şəxsiyyəti ilə bağlı ən təsirli epizodlardan biri onun “saz çalıb-oxuması” səhnəsidir. Burada müəllifin ifadə tərzi publisistikanın hüdudlarından kənara çıxaraq bədii təxəyyül səviyyəsinə yüksəlir.
Mərasimdə F.Mursaqulovun tələbə dostları, tanınmış jurnalistlər Tahir Aydınoğlu, Məsahim Abdullayev, Məzahir Süleymanzadə və başqaları çıxış edərək dünyanı barmaqları ilə duyan şairin yüksək insani keyfiyyətlərindən, yaradıcılıq xüsusiyyətlərindən söhbət açmış və onunla bağlı xatirələrini bölüşmüşlər. Onlar şairin mükəmməl bədii obrazını yaratmağı bacardığına görə kitabın müəllifinə minnətdarlıqlarını çatdırmışlar.
Tədbirdə şairin hələ də bədii-estetik təravətini itirməyən şeirləri oxunmuşdur.