İSLAM İNKİŞAF BANKININ KONFRANSI KEÇİRİLMİŞDİR
Özbəkistan baş nazirinin müavini, Xarici İqtisadi Əlaqələr Agentliyinin sədri Eler Qəniyev konfransı açaraq bildirmişdir ki, İslam İnkişaf Bankının ötən ay Almatıda keçirilən 28-ci illik iclasında Özbəkistan İİB-nin 55-ci üzvü olmuşdur. O, bu münasibətlə iştirakçıları təbrik edərək, əmin olduğunu bildirmişdir ki, bundan sonra İİB ilə Özbəkistan arasında işgüzar əlaqələr qurulacaqdır.
Sonra İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmməd Əli çıxış etmişdir.
Dialoq şəklində keçən konfransda iştirakçılar respublikanın sərmayə potensialı, iqtisadi və sosial sektorda gedən dəyişikliklər, xarici sərmayələrin cəlb edilməsinin üstün istiqamətləri ilə tanış olmuşlar.
Tədbirdə ölkənin mineral-xammal ehtiyatları, neft-qaz sahəsinə sərmayə qoyuluşu, meyvə-tərəvəz məhsullarının emalı, tikinti materiallarının istehsalı sahəsində qarşılıqlı əməkdaşlığın imkanları, Özbəkistanda turizmin inkişafı üçün birgə layihələrin həyata keçirilməsi haqqında da söhbət açılmışdır.