“İSLAM ÜMMƏTİNİN HƏMRƏYLİYİ” MÖVZUSUNDA KEÇİRİLƏN BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA
Hörmətli konfrans iştirakçıları!
Sizi - Azərbaycanın paytaxtı Bakı şəhərində İslamın aktual problemlərinə həsr olunmuş elmi konfransın bütün iştirakçılarını səmimi qəlbdən salamlayır, sizə bu nəcib fəaliyyətinizdə uğurlar arzulayıram. Əminəm ki, dinlərarası və sivilizasiyalararası dialoqun aktuallaşdığı bir dövrdə keçirilən bu konfrans dünyada gedən mürəkkəb proseslərə öz layiqli töhfəsini verəcəkdir.
Azərbaycan xalqı tarixinin bütün mərhələlərində İslam dininə sədaqətini nümayiş etdirərək, İslam sivilizasiyasının zənginləşdirilməsi üçün böyük səylər göstərmişdir. Əsrlər boyu regionda İslamın forpostu olan ölkəmizdə formalaşan yüksək tolerantlıq mühiti dünya ictimaiyyəti tərəfindən olduqca yüksək qiymətləndirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin “İslam sivilizasiyası Qafqazda” adlı beynəlxalq simpoziumda etdiyi çıxış bu sahədə mövcud nailiyyətləri və gələcək perspektivləri əks etdirən qlobal bir proqram mahiyyəti daşıyan sənəddir. Ümidvaram ki, həmin proqramın mərhələ-mərhələ gerçəkləşdirilməsi müasir dövrdə bu sahədə qarşılaşdığımız problemlərin həllinə xidmət edəcəkdir.
Dərin hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2005-ci il.