REGİONLAR
İsmayıllıda arı ailələrinin sayı 6 minə çatır
İsmayıllı, 14 iyul (AZƏRTAC). İsmayıllı rayonunda qeyri-ənənəvi sahə hesab edilən arıçılıq son illər sürətlə inkişaf edir.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu gün fərdi təsərrüfatlarda arıçılığa böyük maraq vardır. Bu, hər şeydən əvvəl respublikamızda ekoloji cəhətdən təmiz, keyfiyyətli bal və bal məhsullarına tələbatın artması ilə əlaqədardır. Təsadüfi deyildir ki, hazırda rayonda arı ailələrinin sayı 6 minə çatır. Hər il orta hesabla 60 tona yaxın bal istehsal olunur. Bakı şəhərində, eləcə də rayonda keçirilən yarmarkalara ildə azı 2-2,5 ton bal çıxarılır.
Artıq bölgədə kifayət qədər təcrübəli, peşəkar arıçılar vardır. Onlardan biri, İvanovka kənd sakini İvan Kazakovun təsərrüfatında 175 arı ailəsi bəslənilir. Arıçı hər il orta hesabla 2,5 ton bal götürür.
İsmayıllıdakı “Arıçılar” İctimai Birliyi bu sahə ilə məşğul olanlara, eləcə də gənc arıçılara hərtərəfli köməklik göstərir.