ELM VƏ TƏHSİL
İsmayıllıda buraxılış imtahanları uğurla yekunlaşıb
İsmayıllı, 11 iyun, Adil Ağayev, AZƏRTAC
İsmayıllı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iyunun 11-də keçirilən buraxılış imtahanları müvəffəqiyyətlə başa çatıb.
AZƏRTAC xəbər verir ki, buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən yüksək səviyyədə təşkil olunub. Belə ki, imtahanlar əvvəlcədən hazırlanan üç imtahan mərkəzində - şəhər 2, 5 və 7 saylı tam orta məktəblərdə iki mərhələdə keçirilib. Birinci mərhələdə 964 nəfər IX sinif şagirdi səhər saat10:00-dan 12:00-dək, ikinci mərhələdə isə 897 nəfər XI sinif şagirdi saat 15:00-dan 17:45-dək imtahan veriblər.
İmtahanların mütəşəkkil keçirilməsi üçün bu məsul işə 8 nəfər imtahan rəhbəri, 74 nəzarətçi-müəllim cəlb olunub.
Hər üç imtahan mərkəzinə növbətçi həkim təyin edilib.
Valideynlər imtahanların təşkilindən razılıqla danışırdılar. Rayon sakini Gülər Baxışova bununla əlaqədar AZƏRTAC-ın müxbirinə deyib: “Qızım, XI sinif şagirdi Günay da bu gün imtahan verib. Minnətdarıq ki, məktəbdə öz biliyini sınamaq üçün şagirdlərə hər cür şərait yaradılıb. Bu gənclər Azərbaycanın gələcəyidir. Onlar nə qədər bilikli, savadlı olsalar, ölkəmiz də bir o qədər inkişaf edər. Buna görə də Azərbaycanın savadlı kadr potensialına ehtiyacı var. Əminəm ki, gənclərimiz də onlar üçün yaradılan bu əlverişli imkanlardan faydalanacaqlar. Səbirsizliklə nəticələri gözləyəcəyik”.