İDMAN
İsmayıllıda Şahmat Olimpiadası başa çatıb
İsmayıllı, 23 iyul (AZƏRTAC). İsmayıllı Olimpiya İdman Kompleksində 16 yaşadək uşaqlar arasında respublika şahmat Olimpiadası başa çatıb.
AZƏRTAC xəbər verir ki, iyulun 12-dən start götürən yarışlara təntənəli mərasimlə yekun vurulub.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyevin, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun, rayon rəhbərlərinin, çoxsaylı qonaqların və tamaşaçıların iştirak etdikləri mərasimdə Azərbaycanda şahmatın inkişafından, uşaq, yeniyetmə və gənc şahmatçıların yetişdirilməsinə göstərilən qayğıdan danışılıb.
Yarışların baş hakimi Qüdrət İsmayılov şahmat Olimpiadasının nəticələri barədə məlumat verib.
Qalib komandalara kubok, şahmatçılara isə diplom və medallar, habelə rayon icra hakimiyyətinin hədiyyələri təqdim edilib.
Yarış iştirakçıları 10 gün ərzində İsmayıllı rayonu, onun zəngin təbiəti, tarixi abidələri və qədim yaşayış məskənləri ilə tanış olublar.