REGİONLAR
İsmayıllıda “Xəmsə” Milli İntellektual Oyunu üzrə IX Azərbaycan çempionatının rayon seçim turu keçirilib
İsmayıllı, 15 aprel, AZƏRTAC
İsmayıllıda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunan “Xəmsə” Milli İntellektual Oyunu üzrə IX Azərbaycan çempionatının rayon seçim turu keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində keçirilən tədbirdə gənclər və idman idarəsinin rəisi Taleh Salehov, rayon icra hakimiyyətinin əməkdaşı Gülnarə Mirzəliyeva Zərifə xanım Əliyevanın həyat yolu və elmi fəaliyyətindən danışıb, seçim turunda iştirak edəcək komandalara uğurlar arzulayıblar.
16-29 yaşlı gənclər arasında keçirilən seçim turunda 20 komanda iştirak edib. Dörd komanda – “Qubaxəlilli”, “İbrahim TAT”, “Diyallı” və “Ruşan” komandaları finala vəsiqə qazanıb. Final oyununun nəticələrinə görə “İbrahim TAT” I, Qubaxəlilli məktəbinin komandası II, Ruşan məktəbinin komandası isə III yerə layiq görülüb. Beləliklə, rayon birincisi kubokuna sahib çıxan “İbrahim TAT” komandası Ucar şəhərində keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.
Hər üç komanda rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.