ELM VƏ TƏHSİL
İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının üzvləri “Odlar Yurdu” Universitetində olmuşlar
Bakı, 31 may (AZƏRTAC). “Odlar Yurdu” Universitetində İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının üzvləri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə universitetin prorektoru Tərlan Abdullayev İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası üzvlərinə rəhbərlik etdiyi qurumun təhsil sistemi haqqında məlumat vermişdir. Bildirmişdir ki, bu universitet dünyanın bir çox ali təhsil ocaqları ilə əməkdaşlıq edir. İspaniyanın təhsil ocaqları ilə əlaqələrin qurulması isə iqtisadi sahədə təhsilin inkişafına təkan verəcəkdir.
İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının prezidenti, “Odlar Yurdu” Universitetinin fəxri doktoru Xayme Xil Aluxa ölkələrarası münasibətlərdə təhsilin mühüm rolu olduğunu bildirmişdir. O. ali təhsil sahəsində birgə fəaliyyət göstərmək üçün elmi əməkdaşlığa dair müqavilənin imzalanmasının əhəmiyyətini vurğulamışdır.