SİYASƏT
İSPANİYA QƏZETLƏRİ AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİNDƏN YAZIR
Azərbaycanın Madriddəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, İspaniyanın özündə və ümumən ispandilli ölkələrdə çox populyar nəşrlər sayılan “El Mundo” və “El Pais” qəzetlərinin cümə axşamı nömrələrində oktyabrın 15-də respublikamızda keçirilmiş prezident seçkilərindən bəhs edən xəbərlər dərc olunmuşdur.
Qəzetlər yazır ki, seçicilərin 75 faizindən çoxunun iştirak etdiyi səsvermə nəticəsində İlham Əliyev tam üstünlüklə qalib gəlmişdir. “El Mundo” qəzetinin “Çox populyar prezident” sərlövhəli xəbərində İlham Əliyevin postsovet məkanında ən məşhur rəhbərlərdən biri olduğu vurğulanır. Qəzet yazır ki, İlham Əliyevin ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, yoxsulluğun aşağı salınması sahəsindəki tədbirləri, Prezidentliyinin birinci müddətində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınması onun seçkilərdə qələbəsini təmin edən əsas meyarlardır.