SİYASƏT
İSPANİYADA YAŞAYAN AZƏRBAYCANLILAR DA PREZİDENT SEÇKİLƏRİNDƏ FƏAL İŞTİRAK ETMİŞLƏR
Azərbaycanın İspaniya Krallığındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu ölkədə yaşayan azərbaycanlılar oktyabrın 15-də keçirilən prezident seçkiləri ilə əlaqədar İspaniyanın bütün bölgələrindən paytaxta - Madrid şəhərinə gələrək, səfirlikdə yaradılmış seçki məntəqəsində öz vətəndaşlıq borclarını yerinə yetirmişlər.
Səfirliyin konsulluq şöbəsində qeydə alınmış 133 Azərbaycan vətəndaşına əvvəlcədən bildirişlər göndərilmiş, yerli “El Pais” qəzetində respublikamızda prezident seçkilərinə dair məqalə dərc edilmişdir. Seçkilərin beynəlxalq standartlara uyğun, demokratik şəraitdə keçirilməsi üçün bütün tədbirlər görülmüşdür.
Səsvermə prosesini izləyən müşahidəçilər - İspaniyanın “Cita İnternacional” və “Ejecutivos” jurnallarının redaktorları seçkilərin şəffaf və normal keçdiyini bildirmişlər.