DÜNYA
İsrailə və Livana qaz yataqları barədə kompromis saziş təklif edilmişdir
Bakı, 17 dekabr (AZƏRTAC). Rusiya KİV-lərinin verdiyi məlumata görə, Amerika nümayəndələri Şərqi Aralıq dənizi regionunun İsrail və Livan iqtisadi zonalarına bölünməsi haqqında kompromis saziş variantı hazırlamışlar. Dəniz sərhədləri məsələsi Aralıq dənizi şelfində iri təbii qaz yataqları aşkar edildikdən sonra gündəmə gəlmişdir.
Barak Ravid “Haarets” qəzetində yazır ki, amerikalı vasitəçilər noyabrın 29-da Aspen İnstitutunda Şərqi Aralıq dənizi regionunun bölünməsi məsələsinə dair növbəti müzakirə aparmışlar. Hazırlanmış kompromis saziş variantında Livanın 2010-cu ildə xəritə şəklində BMT-yə təqdim etdiyi tələblər və İsrailin 2011-ci ildə hazırladığı cavab təklifi nəzərə alınmışdır.
İsrail və Livan nümayəndələri bildirmişlər ki, onlar ABŞ nümayəndələrinin bu təklifini bir neçə ay müddətində öyrənmək niyyətindədirlər. Bundan sonra öz fikirlərini bildirməyə hazır olacaqlar.
İsrail şirkətləri Aralıq dənizi şelfində “Tamar” və “Leviatan” iri qaz yataqlarını aşkar edəndən sonra Livan İsrail ilə dəniz sərhədi məsələsinə maraq göstərmişdir. Beyrutdan bəyan edilmişdir ki, həmin yataqların bir qismi Livana məxsusdur. Yerusəlim isə bu iddiaları rədd etmişdir.
İsrail ilə Livan arasında dəniz sərhədi haqqında müqavilə yoxdur. Buna görə də İsrail öz iddialarını İsrail-Kipr və Livan-Kipr sazişləri ilə əsaslandırır. Ərazi münaqişəsinə səbəb 1949-cu ildə razılaşdırılmış atəşkəs xəttinin İsrail və Livan xəritələrində eyni şəkildə qeyd edilməməsidir.