MƏDƏNİYYƏT
İstedadlı Azərbaycan rəssamı “Ənənə və Müasirlik” VI Moskva Beynəlxalq incəsənət festivalında iştirak edəcəkdir
Bakı, 21 iyun (AZƏRTAC). İyulun 4-dən 8-dək Moskva Mərkəzi Sərgi Zalında (“Manej”) “Ənənə və müasirlik” VI Beynəlxalq incəsənət festivalı keçiriləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, festivalda dünyanın 40 ölkəsindən və Rusiya Federasiyasının 30 bölgəsindən çoxsaylı rəssamların və minlərlə tamaşaçının iştirakı gözlənilir.
“Ənənə və müasirlik” VI Beynəlxalq incəsənət festivalı ilk dəfə 2007-ci ildə keçirilmiş və indiyədək 130 mindən çox tamaşaçı tərəfindən ziyarət olunmuşdur.
Bu mötəbər tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, istedadlı rəssam Rəşad Mehdiyev təmsil edəcəkdir.
Rəşad Mehdiyev Azərbaycanın Xalq Rəssamı Rafiq Mehdiyevin ailəsində anadan olmuşdur. Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Türkiyədə Memar Sinan Universitetini bitirmişdir. 1995-ci ildə Sankt-Peterburqda, 1991, 1994, 1996 və 2000-ci illərdə isə Bakıda fərdi sərgiləri keçirilmişdir. 2001-ci ildə Azərbaycanı TÜRKSOY Beynəlxalq müsabiqə-sərgisində təmsil edərək birinci mükafata layiq görülmüşdür.
Vyanada 2002-ci ildə 2 dəfə, 2006-cı ildə isə 3 dəfə fərdi sərgisini keçirmiş, BMT-nin Avropa Bölməsinin Millətlər Sarayında Azərbaycan incəsənətini uğurla təmsil etmişdir. Rəssamın sonuncu fərdi sərgisi bu ilin martında Bakıda təşkil olunmuşdur.
Rəssamın əsərləri milli və Avropa incəsənətinin ənənələrini özünəməxsus şəkildə əks etdirir. Fərdi dəst-xətti, yaradıcılıq üslubu, Azərbaycan miniatürlərində gördüyümüz əlvan və parlaq rənglərin zəngin koloriti Rəşad Mehdiyevin yaradıcılığının əsas xarakterik xüsusiyyətini təşkil edir.
“Ənənə və Müasirlik” VI Moskva Beynəlxalq incəsənət festivalında Azərbaycan təmsilçisinin iştirakına ölkəmizin Rusiyadakı səfirliyi tərəfindən təşkilati dəstək verilir.