MƏDƏNİYYƏT
İstedadlı pedaqoq və peşəkar pianoçu Aytəkin Həsənovanın xatirəsi anılacaqdır
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 22-də Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris Teatrının istedadlı pedaqoqu və peşəkar pianoçu, ADMİU-nun musiqi fənləri və dirijorluq kaferdasının müdiri, Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq namizədi Aytəkin Həsənovanın xatirəsini anma gecəsi keçiriləcəkdir.
Azərbaycan Milli İncəsənət Muzeyindən AZƏRTAC-a bildirmişlər ki, Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq Artisti Fərhad Bədəlbəyli və sənətşünaslıq namizədi, BMA-nın professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə mərhum misiqiçi ilə bağlı xatirələrini bölüşəcəklər.
Azərbaycan Milli İncəsənət Muzeyinin binasında keçiriləcək xatirə gecəsində Bakı Musiqi Akademiyasının professor və müəllim heyətinin iştirakı ilə konsert proqramının təqdim edilməsi nəzərdə tutulmuşdur. Konsertdə Ülviyyə Hacıbəyova, Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Töhfə Balayeva, Mustafa Mehmandarov, Azər Rzazadə və başqalarının ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ilə bir daha onun əziz xatirəsi yad ediləcəkdir.
Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan Aytəkin Həsənova fəaliyyəti dövründə bir çox konsertlərdə və dövlət səviyyəli tədbirlərdə pianoçu kimi çıxış etmiş, peşəkar pedaqoq kimi onlarla istedadlı tələbənin yetişməsində bilik və bacarığını əsirgəməmişdir.
O, eyni zamanda, fortepianonun tədrisi metodikasının təkmilləşdirilməsində, 30-dan artıq dərsliyin, Azərbaycan və dünya klassiklərinin əsərlərinin daxil olduğu müntəxəbatın işıq üzü görməsində əvəzedilməz rol oynamışdır.