İQTİSADİYYAT
İstehlak bazarında yararsız ərzaq məhsulları aşkar edilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı Bakının Səbail, Qaradağ, Sabunçu, Nərimanov, Nizami, Xətai rayonlarında, eləcə də Xırdalan, Sumqayıt, Kürdəmir, Neftçala, Göygöl, Füzulidə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi aşkarlanmışdır.
Ümumilikdə, monitorinqlər zamanı 450 kiloqramdan çox ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.