İQTİSADİYYAT
İstehlaka yararsız 360 kiloqrama yaxın ərzaq malları məhv edilmişdir
Bakı, 9 aprel (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Suraxanı rayonunda Elman Abbasova məxsus mağazada, Nəsimi rayonunda "Proqress" ticarət mərkəzində, Yasamal rayonunda "Süleyman market"də, "Mehran-110" şirkətinə məxsus mağazada, "Səma market"də, Mətləb Rəhimova, Sumqayıt şəhərində Röyal Əliyevə məxsus mağazalarda, Yasamal rayonunda "Saybalı market"də, Lənkəran şəhərində Azər Həkməliyevə, Tovuz rayonunda Şakir Quliyevə, Dilarə Bayramovaya, Şəmkir şəhərində Bəhman Məmmədova, Xaçmaz rayonunda Mircəlal Əhmədova, Ramin Ağayevə, Sabirabad rayonunda Zakir Fərzəliyevə məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkarlanmışdır. Ümumilikdə, 360 kiloqrama yaxın ərzaq malları məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.