İQTİSADİYYAT
İstehlaka yararsız mallar məhv edilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Binəqədi rayonunda Əsalət Surxay oğluna məxsus mağazada, "Başkent" şirniyyat evində, "Xəzər market"də, "Mövsüm market"də, Yusif Əhmədova, Zeynəb Rəhimovaya məxsus mağazalarda, Yasamal rayonunda "Star market"də, Xətai rayonunda "Kosmos market"də, Zaur Əliyevə məxsus mağazada, Səbail rayonunda "Qloriya market"də, Suraxanı rayonunda "Çinar market"də, Ramiz Hacıyevə, Qəzənfər Əliyevə, Mingəçevir şəhərində Vidadi Əliyevə məxsus mağazalarda, Quba şəhərində "Atlant market"də, Ağdam rayonunda Xırda Abbasovaya, Şəki şəhərində Pərviz Salahova, Gəncə şəhərində Cəbrayıl Ələsgərova, Masallı rayonunda Tapdıq Əhmədova, Sumqayıt şəhərində Afaq Piriyevaya məxsus mağazalarda ümumi çəkisi 640 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun gəlməyən ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, qeyd olunan obyektlərdə satışda olan malların üzərində qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.