İQTİSADİYYAT
İstehlakçıların aldadılması hallarının qarşısı alınır
Bakı, 20 iyun (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti reklam bazarında yoxlamalar aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, monitorinqlər zamanı “Unibank Kommersiya Bankı” ASC-yə məxsus bukletdə və www.unibank.az saytında “Albalıkart çox-çox sərfəli kart!, Hissə-hissə ödə, faizsiz ödə, bonuslar qazan” məzmunlu reklam xarakterli məlumatların verildiyi müəyyən edilmişdir.
Araşdırmalar zamanı “Unibank Kommersiya Bankı” ASC ilə müqavilə bağlamış bəzi üzv ticarət obyektləri tərəfindən istehlakçılara “Albalıkart” kredit kartı vasitəsilə mallar satıldıqda malın qiymətinin üzərinə ödəniş müddətinə uyğun faizlər əlavə olunduğu və bonusların verilmədiyi müəyyənləşmişdir.
Qeyd olunan hallarda qanunsuz reklam üsullarından istifadə olunmaqla istehlakçıların çaşdırılmasına və haqsız rəqabətə səbəb olma əlamətləri aşkarlanmışdır.
Faktla bağlı bank barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.