İQTİSADİYYAT
İstehlakçıların aldadılması hallarının qarşısı alınmışdır
Bakı, 13 oktyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Sabunçu rayonu, Ramana qəsəbəsi, “Südçülük sovxozu” ünvanında Şahvələd Hüseynova məxsus istehsalat sahəsində yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı naqillərin istehlakçıda Türkiyə istehsalı təəssüratı yaradan formada markalandığı müəyyən edilmişdir. "Lider Kablo" adlı naqillərin qablaşdırma materialının üzərində "Kablo kesiti", "Kablo tipi", "Nominal gerilim", "Üretim yılı 2008" sözlərinin, markalanmamış müxtəlif ölçülü naqillərin izolyasiya materiallarının üzərində isə "Kablo Hosuuf" sözlərinin yazıldığı aşkar edilmişdir.
Bundan əlavə, yoxlama zamanı müəssisədə istehsal edilən polietilen qablaşdırmada olan "Lider kablo" elektrik naqillərinin etiketlərində ölçüyə dair məlumatın yanlış göstərilməsi ilə istehlakçıların aldadılması halına yol verildiyi müəyyənləşmişdir. Qablaşdırılmış həmin naqillərin uzunluğunun 100 metr olması göstərildiyi halda, naqilin faktiki uzunluğunun 81 metr olduğu aşkarlanmışdır.
Yoxlama zamanı, həmçinin "Lider kablo" adlı elektrik naqillərinin etiketinin üzərində istehsalçı müəssisə, məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərini ifadə edən normativ sənəd barədə məlumatın göstərilmədiyi müəyyən olunmuşdur.
Aşkar edilmiş 71,2 min metr elektrik naqillərinin satışının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış bu cür malların geri yığılması barədə sahibkar Şahvələd Hüseynova icrası məcburi göstəriş verilmişdir.