CƏMİYYƏT
İstintaq təcridxanalarına mobil telefon aparatlarının keçirilməsi cəhdlərinin qarşısı alınmışdır
Bakı, 11 iyul (AZƏRTAC). Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasının və Bakı istintaq təcridxanasının əməkdaşları həmin müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısını almışlar.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, təcridxanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 66.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Reyhun Məmmədov müəssisəyə daxil olan zaman üzərinə baxış keçirilmişdir.
Baxış zamanı ona məxsus çantanın gizli saxlanc yerindən altı “Nokia” markalı mobil telefon aparatları, iki elektrik qidalandırıcısı, bir elektrik qidalandırıcısının kəsilmiş hissəsi və bir qulaqcıq aşkar edilərək götürülmüşdür.
Bakı İstintaq təcridxanasında saxlanılan məhkum Gəncəli Allahverənovun yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Elmira Allahverənovanın əl çantasına da baxış keçirilmişdir.
Baxış zamanı oradan bir “Nokia” markalı mobil telefon aparatı və bir “Cin nömrə” kartı aşkar edilərək götürülmüşdür.
Faktlar üzrə araşdırmalar aparılır.