İQTİSADİYYAT
İsveç Krallığının nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olmuşdur
Bakı, 12 iyun (AZƏRTAC). Azərbaycanın Energetika Nazirliyində İsveç Krallığının ticarət naziri xanım Eva Byörlinqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanmış, ölkələrimiz arasında iqtisadi, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilmişdir.
Energetika naziri Natiq Əliyev İsveçlə münasibətlərin müxtəlif sahələrdə inkişafı üçün böyük potensialın mövcudluğunu qeyd edərək vurğulamışdır ki, müvafiq dövlət qurumları arasında müntəzəm görüşlərin keçirilməsi, biznes forumların və işgüzar görüşlərin təşkili əlaqələrin dərinləşməsində mühüm rol oynayır.
Görüşdə, həmçinin Azərbaycan ilə İsveç arasında ikitərəfli iqtisadi münasibətlərdən, o cümlədən hər iki ölkədə çalışan şirkətlərin fəaliyyətindən söz açılmış, ticari-iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir.
İsveç Krallığının ticarət naziri xanım Eva Byörlinq ölkəsinin Azərbaycanla əməkdaşlığa marağının göstəricisi olaraq, Bakıda İsveç səfirliyinin açılmasını vurğulamışdır. O, İsveç nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində həm dövlət strukturları, həm də özəl şirkətlərlə işgüzar danışıqların aparıldığını diqqətə çatdırmışdır.