MƏDƏNİYYƏT
İsveç saytında Azərbaycanda Novruz bayramının qeyd edilməsi ilə bağlı məqalə dərc edilib
Stokholm,18 mart, AZƏRTAC
İsveç saytı Azərbaycanda Novruz bayramının qeyd edilməsi ilə bağlı adətlər barədə oxucuları məlumatlandırıb.
AZƏRTAC xəbər verir ki, “Cawamedia” saytında dərc edilmiş “Novruz” sərlövhəli məqalədə min illik tarixi olan bu bayramın müasir Azərbaycanın ictimai həyatında tutduğu vacib yeri qeyd edilir.
Mətndə deyilir ki, Novruz həm Azərbaycanda, həm də bir sıra digər ölkələrdə yazın gəlişini simvolizə edən ənənəvi bayramdır. Adətlərə görə bu bayrama hazırlıq bir ay öncədən başlayır. Hər çərşənbə insanlar dörd – Su, Od, Yel və Torpaq ünsürdən birinin gününü qeyd edirlər. İnsanlar bir araya gələrək ağac əkir, təzə paltar tikirlər, yumurta boyayır və milli şirniyyat – şəkərbura, paxlava, şorqoğal hazırlayırlar.
Məqalənin müəllifi, Novruzun ailə dəyərlərindən danışaraq, mətndə bir həftə davam edən, öz miqyası və unikal elementləri ilə insanları heyran edən digər mərasimlər, müxtəlif inanclar, bayram şənlikləri və tədbirlərdən də bəhs edir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm