SİYASƏT
İSVEÇRƏDƏ “XOCALIYA ƏDALƏT” BEYNƏLXALQ KAMPANİYASININ TƏQDİMATI OLMUŞDUR
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də İsveçrə Federal Hökumətinə məxsus “Politforum”da Azərbaycanın bu ölkədəki səfirliyi Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirmişdir.
Səfirlikdən bildirmişlər ki, İsveçrə-Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilən və İsveçrə parlamentinin, Xarici İşlər Nazirliyinin, diplomatik koprusun, kütləvi informasiya vasitələrinin, qeyri-hökumət təşkilatlarının, Azərbaycan və türk icmaları nümayəndələrinin iştirak etdikləri tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun acı nəticələri haqqında ətraflı məlumat verilmişdir.
Tədbirdə İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilmiş “Xocalıya ədalət” beynəlxalq kampaniyasının təqdimatı olmuşdur. Təqdimat zamanı kompyuter vasitəsilə “Xocalıya ədalət” kampaniyasının internet səhifəsi haqqında ətraflı məlumat verilmişdir.
Bundan əlavə, tədbirdə Heydər Əliyev Fondu və Azərbaycan XİN tərəfindən birgə tərtib olunmuş “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” nəşrinin də təqdimatı olmuş, bu haqda film nümayiş etdirilmişdir. Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən təqdim edilmiş “Xocalı uşaqların gözü ilə” adlı fotosərgiyə də baxmışlar.
Eyni zamanda, Bernə ezamiyyətdə olan Dövlət Gömrük Komitəsinin nümayəndələri tərəfindən Azərbaycanın gömrük xidmətinin tarixindən, ermənilərin Cənubi Qafqazda məskunlaşdırılmasından bəhs edən “Azərbaycanın gömrük xidməti: tarixi ənənələr və müasirlik” kitabının tədqimatı keçirilmişdir.
######