CƏMİYYƏT
İsveçrənin hərbi attaşesi ANAMA-nın Füzuli, Göygöl bazaları və Tərtərdə aparılan əməliyyatlarla tanış olmuşdur
Bakı, 14 iyun (AZƏRTAC). İyunun 11-dən 13-dək İsveçrə Konfederasiyasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik-leytenant Mişel Rosser Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) olmuşdur.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər zamanı o, agentliyin Füzuli, Göygöl bazaları ilə, eləcə də Tərtər rayonunda aparılan əməliyyatlarla tanış olmuşdur. Təlim, Tədqiqat və Keyfiyyətə Təminat (TTKT) Qurumunun rəhbəri tərəfindən agentliyin fəaliyyəti ilə bağlı təqdimat edilmişdir.
Səfərin məqsədi ANAMA-nın fəaliyyəti ilə yaxından tanış olmaq, habelə İsveçrə tərəfindən pay edilmiş mina və partlamamış hərbi sursatın (PHS) zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş SM-EOD sisteminin monitorinqini aparmaq olmuşdur.
İyunun 13-də polkovnik-leytenant Mişel Rosser ANAMA-nın baş ofisində agentliyin direktoru Nazim İsmayılov ilə görüşmüşdür.
Görüşdə minatəmizləmə fəaliyyəti sahəsində yeniliklər, həyata keçiriləcək gələcək planlar və əlavə SM-EOD sistemlərinin alınması barədə müzakirələr aparılmışdır.