İQTİSADİYYAT
İsveçrənin SECO təşkilatı indiyədək Azərbaycanda 25 layihə həyata keçirmişdir
Bakı, 12 dekabr (AZƏRTAC). İsveçrənin “Holcim” şirkəti Azərbaycan İnvestisiya Şirkəti ilə birgə “Qaradağ Sement” zavodunda ümumi dəyəri 300 milyon avro olan yeni sobanın inşası layihəsini həyata keçirir. Soba 2012-ci ilin mayında tam gücü ilə istismara veriləcəkdir.
Bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev məlumat vermişdir.
İsveçrə ilə Azərbaycan arasında əlaqələrin mühüm istiqamətlərindən birinin SECO təşkilatı ilə əməkdaşlıq olduğunu deyən nazir qeyd etmişdir ki, regional layihələr də daxil olmaqla SECO tərəfindən Azərbaycanda indiyədək 25 layihə həyata keçirilmiş, 12 layihənin icrası isə davam etdirilir.
Nazir vurğulamışdır ki, 1995-2010-cu illərdə İsveçrə şirkətləri tərəfindən Azərbaycanın qeyri-neft sektoruna 61 milyon ABŞ dolları məbləğində investisiya yönəldilmişdir.