DÜNYA
İtaliya ruhaniləri Prezident Ciorcio Napolitanoya toksik sənaye tullantılarına qarşı tədbirlər görülməsi ilə bağlı müraciət etmişlər
Roma, 5 yanvar (AZƏRTAC). İtaliya ruhaniləri Prezident Ciorcio Napolitanoya ölkənin cənub regionunda yerləşən, mafiya qruplaşmalarının nəzarət etdiyi “Ölüm üçbucağı” adlanan ərazidə yığılan toksik sənaye tullantılarına qarşı tədbir görülməsi ilə bağlı müraciət etmişlər.
Müraciətdə həmin ərazilərin tullantılardan təmizlənməsinin daha böyük fəlakətlərin qarşısının alınması baxımından vacib olduğu vurğulanır. Həmçinin bu zəhərli tullantıların törətdiyi fəsadlardan əziyyət çəkənlərə tibbi və maddi yardımların göstərilməsi də xahiş olunur.
Qeyd edək ki, zibil tullantılarının yığılması və saxlanılması yerli mafiyanın nəzarətində olduğundan Neapol əhalisi uzun illərdir ki, bu problemdən əziyyət çəkir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, qüsurlu doğuşların, eyni zamanda, xərçəng xəstəliyinin yayılmasının əsas səbəblərindən biri də toksik sənaye tullantılarıdır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri,
Roma