DÜNYA
İtaliyada sel fəlakəti nəticəsində 9 nəfər ölüb
Roma, 16 sentyabr, AZƏRTAC
İtaliyanın Ankona şəhəri yaxınlığındakı yaşayış məntəqələrində güclü leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 9 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ankona şəhərinin rəhbərliyi məlumat yayıb. Bildirilib ki, ikisi uşaq olmaqla dörd nəfər itkin düşüb.
Yerli KİV-in məlumatına görə, təbii fəlakət nəticəsində azı 50 nəfər xəsarət alıb, yüzlərlə insan daşqın səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Bölgəyə səfər edən İtaliyanın Baş naziri Mario Draqi təbii fəlakətdə ölənlərin ailələrinə başsağlığı verib. M.Draqi Nazirlər Şurasının bölgədə fəsadların aradan qaldırılması üçün ilkin olaraq 5 milyon avro ayırdığını bildirib.
Bundan başqa, daşqın səbəbindən Marke əyalətində fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, İtaliya mətbuatı təbii fəlakətlə bağlı ilk xəbərlərdə ölənlərin sayının əvvəlcə 7 olduğunu yazıb, daha sonra bu rəqəmin 10-a yüksəldiyi bildirilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Roma