SİYASƏT
İtaliyanın “Eurasia” jurnalının saytında bu ölkədə Azərbaycan Tədqiqatları Mərkəzinin açılması ilə bağlı məqalə yerləşdirilmişdir
Roma, 26 may (AZƏRTAC). İtaliyanın “Eurasia” jurnalının saytında bu ölkədə Azərbaycan Tədqiqatları Mərkəzinin açılması ilə bağlı məqalə yerləşdirilmişdir.
Məqalədə belə bir mərkəzin İtaliyada açılması və qurumun “Dini tolerantlıq modeli: Azərbaycan” mövzusunda ilk tədbirini keçirməsi ilə bağlı məlumat verilir. Vurğulanır ki, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun, mərkəzin rəhbəri Fernando Orlandinin və bir çox elmi dairələrin nümayəndələrinin iştirak etdikləri tədbir çərçivəsində Covanni Bensinin müəllifi olduğu “Azərbaycanda dinlər” kitabının təqdimatı olmuşdur.
Yazıda Azərbaycanın Cənubi Qafqazda strateji baxımdan ən önəmli dövlət olması, hazırkı geosiyasi durumda ölkəmizin beynəlxalq aləmdəki vacib roluna toxunulur. Bildirilir ki, 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Avropa ölkələri ilə sıx əməkdaşlıq əlaqələri quran Azərbaycan üçün İtaliya ilə münasibətlər xüsusi önəm kəsb edir. Bu gün TAP layihəsi bu əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.
Müəllif V.Sadıqovun tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə də yer vermişdir: “Bu münaqişə Azərbaycan xalqının ürəyində qanayan bir yaradır”.
Yazının sonunda oxucuların diqqətinə çatdırılır ki, bu tədbir bütün dünya xalqlarına və dinlərin nümayəndələrinə tolerant və sülh içində bir mühit təklif edən Azərbaycanı tanımaq üçün yaxşı imkan yaratmışdır.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.eurasia-rivista.org/lazerbaigian-un-modello-di-tolleranza-religiosa/21637/
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma