DÜNYA
İtaliyanın Latsio regionundakı apteklərdə “Novavax” peyvəndinin tətbiqinə başlanılacaq
Roma, 4 mart, AZƏRTAC
Martın 7-dən etibarən İtaliyada paytaxt Romanın da yerləşdiyi Latsio regionundakı apteklərdə COVID-19 infeksiyası əleyhinə “Novavax” peyvəndinin tətbiq olunmasına başlanılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Federfarma Roma”nın prezidenti Andrea Cicconetti deyib.
“Müraciətlər aktivdir. Roma və Latsiodakı apteklər COVID-19-la mübarizədə yenidən ön sıralardadır”, - deyə o qeyd edib.
Hazırda region üzrə apteklər üçün həftədə təxminən 2 min doza peyvəndin tədarükü planlaşdırılır. Hər bir fərdi aptekdə isə həftədə 10 doza peyvənd tətbiq olunacaq.
Yaşı 18 və ya daha çox olanlar və hələ də COVID-ə qarşı peyvənd olunmamış hər kəs müraciət edə bilər.
Xatırladaq ki, Avropa İttifaqı ötən ilin sonunda “Novavax” peyvəndinin istifadəsini tövsiyə edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma