DÜNYA
İtmiş təyyarənin axtarış zonası 1100 kilometr şimala yönəldilmişdir
Kuala-Lumpur, 28 mart (AZƏRTAC). Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsinin qasırğadan sonra bərpa olunmuş axtarışları Hind okeanının başqa rayonuna, əvvəlki zonadan 1100 kilometr şimala yönəldilmişdir.
Bu barədə Avstraliyanın Milli Dəniz Təhlükəsizliyi İdarəsinin rəhbəri Con Yanq məlumat vermişdir.
78 min kvadratkilometr ərazini əhatə edən əvvəlki zona Avstraliyanın qərb sahillərindən 2500 kilometr məsafədə yerləşirdi. Lakin əldə edilmiş son məlumatlar nəticəsində beynəlxalq axtarış əməliyyatları yeni zonaya yönəldilmişdir. C.Yanq demişdir: “Yeni zona əvvəlkindən 1100 kilometr şimalda, Avstraliyanın Pert şəhərindən 1850 kilometr qərbdə yerləşir və təqribən 319 min kvadratkilometr ərazini əhatə edir”.
Radarlardan alınmış son məlumatların nəticəsində itmiş “Boeing”in axtarış zonasının sərhədlərinin dəyişməsi barədə məlumatı Avstraliyanın Baş naziri Toni Abbott da təsdiq etmişdir.
Martın 28-də yeni sektorda 10 təyyarənin və tərkibində Avstraliya hərbi-dəniz qüvvələrinə məxsus “Sakses” gəmisinin olduğu altı gəminin axtarışları davam etdirdiyi bildirilir. Süni peyklərin çəkilişləri də həmin sektora yönəldilmişdir.
Xəbər verdiyimiz kimi, martın 8-də Kuala-Lumpurdan Pekinə uçan Malayziya Hava Yolları şirkətinə məxsus “Boeing 777-200” sərnişin təyyarəsi heç bir təhlükə siqnalı vermədən radarların ekranlarından yoxa çıxmışdır. Lakin sonradan süni peyklərdən alınmış məlumatların təhlili göstərmişdir ki, təyyarə kəskin dönüş edərək Hind Okeanına istiqamət götürmüş və burada qəzaya uğrayaraq batmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur