Azərbaycan Dövlət İnformasiya Agentliyi

IX FƏSİL
SIĞORTAÇININ MÜSTƏQİL AUDİTORU VƏ MALİYYƏ HESABATLARI

Maddə 74. Sığortaçının müstəqil auditorunun təyin edilməsi

74.1. Sığortaçının səlahiyyətli idarəetmə orqanı hər il sığortaçının müstəqil auditorunu təyin edir.

74.2. Aşağıdakı tələblərə cavab verən sərbəst auditorlar və ya auditor təşkilatları sığortaçının müstəqil auditoru ola bilər:

74.2.1. audit xidməti göstərmək üçün müvafiq lisenziyanın olması;

74.2.2. sığortaçıya münasibətdə müstəqil olması.

74.3. Sərbəst auditor və ya auditor təşkilatı aşağıdakı hallarda auditin aparılması nəzərdə tutulan sığortaçıya münasibətdə müstəqil hesab edilmir:

74.3.1. həmin sığortaçı ilə münasibətlərində sığortalı və ya sığorta olunan qismində çıxış etdiyi hallardan başqa, onunla hər hansı maliyyə əlaqəsində olduqda;

74.3.2. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya sığorta agenti olduqda;

74.3.3. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin idarəetmə orqanlarının üzvü, işçisi və ya sığorta agenti ilə hər hansı maliyyə əlaqəsində olduqda;

74.3.4. sığortaçının, onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə mühüm iştirak payına malik olduqda;

74.3.5. sığortaçının auditoru təyin edildiyi tarixdən əvvəlki 2 il ərzində onun törəmə cəmiyyətinin və ya asılı cəmiyyətinin müvəqqəti inzibatçısı olduqda.

74.4. Sərbəst auditor və ya auditor təşkilatı ardıcıl olaraq 3 il ərzində eyni sığortaçının müstəqil auditoru təyin edilə bilməz.

Maddə 75. Sığortaçının müstəqil auditorunun əvəz edilməsi

75.1. Sığortaçının müstəqil auditoru bu Qanunun tələblərinə uyğun olmadıqda səlahiyyətli idarəetmə orqanının qərarı ilə onun təyinatı geri götürülə bilər.

75.2. Sığortaçının müstəqil auditoru funksiyalarının icrasından imtina edə bilər.

75.3. Bu Qanunun 75.1-ci və 75.2-ci maddələrində nəzərdə tutulmuş hallarda Səhmdarların Ümumi Yığıncağı tərəfindən yeni auditorun təyin edilməsi 15 gün müddətində mümkün olmadıqda həmin müddətdə yeni auditoru Direktorlar Şurası təyin edir.

75.4. Yeni müstəqil auditor əvvəlki müstəqil auditorun funksiyalarının başa çatmasına qalan müddətə təyin edilir.

Maddə 76. Sığorta nəzarəti orqanına müstəqil auditor barədə məlumat

verilməsi

Sığortaçı özünün müstəqil auditorunun təyin olunması və belə təyinatın geri götürülməsi barədə qərar qəbul etdiyi, habelə müstəqil auditorun sığortaçıda öz funksiyalarının icrasından imtina etdiyi tarixdən 7 iş günü müddətində bu barədə sığorta nəzarəti orqanına yazılı məlumat verməlidir.

Maddə 77. Sığortaçının auditinin keçirilməsi

77.1. Müstəqil auditor sığortaçının auditini qanunvericiliklə nəzərdə tutulmuş qaydada aparmalıdır.

77.2. Sığortaçının Direktorlar Şurasının və İdarə Heyətinin üzvləri, işçiləri və ya nümayəndələri müstəqil auditorun bütün mümkün sənədləri, aktivləri və ya qiymətli kağızları sərbəst yoxlaması üçün şərait yaratmalı, sığortaçının fəaliyyəti ilə əlaqədar lazım olan bütün mümkün məlumatlarla onu təmin etməlidirlər.

77.3. Müstəqil auditor apardığı yoxlama nəticəsində qanunvericiliyə zidd olan və ya sığortaçının maliyyə sabitliyinə mənfi təsir göstərə bilən əqdlər, yaxud hallar barədə sığortaçıya və sığorta nəzarəti orqanına yazılı məlumat təqdim etməlidir.

77.4. Sığortaçının müstəqil auditoru maliyyə hesabatlarında məlumatların yanlış göstərilməsi və düzgün əks etdirilməməsi hallarının aşkar olunmamasına görə məsuliyyət daşıyır.

77.5. Sığorta nəzarəti orqanı sığortaçının müstəqil auditinin aparılmasına dair beynəlxalq sığorta nəzarəti təcrübəsinə uyğun olaraq minimum tələblər müəyyənləşdirə bilər.

77.6. Sığorta nəzarəti orqanı müstəqil auditordan sığortaçıda keçirdiyi audit və ya onun məqamları barədə yazılı məlumatın təqdim olunmasını, həmçinin auditin mövzusunun genişləndirilməsini və ya sığortaçının hesabına xüsusi məqsədli auditin keçirilməsini tələb edə bilər.

77.7. Sığortaçının auditi qanunvericiliyə və bu Qanunun 77.5-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun aparılmadıqda sığorta nəzarəti orqanı müstəqil auditoru dəyişdirməklə sığortaçının öz hesabına təkrar auditin keçirilməsini tələb edə bilər.

Maddə 78. Sığortaçının illik maliyyə hesabatları, digər hesabatları və

məlumatları

78.1. Sığortaçı illik maliyyə hesabatlarını sığorta nəzarəti orqanına müvafiq auditor rəyi ilə birlikdə təqdim etməlidir.

78.2. Sığortaçılar fəaliyyətləri barədə qanunvericiliklə nəzərdə tutulmuş aylıq, rüblük və illik hesabatları, habelə müvafiq məlumatları bu Qanunda nəzərdə tutulmuş qaydada sığorta nəzarəti orqanına təqdim etməlidirlər.

78.3. Sığortaçılar illik maliyyə hesabatlarını və digər illik hesabatları maliyyə hesabatlarının dərc olunduğu qəzetlərin nüsxələri ilə birlikdə maliyyə ili başa çatdıqdan 3 ay müddətində, fəaliyyətləri barədə digər hesabatları isə müvafiq hesabat dövrü başa çatdıqdan 20 gün müddətində sığorta nəzarəti orqanına təqdim etməlidirlər.

78.4. Maliyyə hesabatlarından başqa digər hesabatların siyahısını, formalarını və dövriliyini sığorta nəzarəti orqanı müəyyənləşdirir.

78.5. Bu Qanunda nəzərdə tutulmuş maliyyə hesabatları və digər hesabatlar sığorta nəzarəti orqanı tərəfindən təhlil edilir.

78.6. Sığortaçı nizamnaməsində edilən dəyişikliklərin hüquqi şəxslərin dövlət reyestrində qeydiyyata alınması barədə müvafiq sənədləri onları aldıqdan 5 iş günü müddətində sığorta nəzarəti orqanına təqdim etməli, habelə filial və ya nümayəndəliyinin açılması, onların fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi haqqında qərar qəbul etdiyi tarixdən 7 iş günü müddətində bu barədə həmin orqana yazılı məlumat verməlidir.

78.7. Sığortaçı sığorta sirri hesab edilən məlumatlar da daxil olmaqla öz əmlakı, o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən əmlakı, sığorta etdiyi risklər üzrə sığorta məbləği, verdiyi zəmanətlər, sığorta və təkrarsığorta üzrə bağladığı əqdlər, digər hüquqi şəxslərin nizamnamə kapitalında iştirak payları barədə məlumatları sığorta nəzarəti orqanının yazılı sorğusuna əsasən həmin sorğuda müəyyən edilmiş müddətdə ona təqdim etməlidir.

78.8. Sığortaçı illik maliyyə hesabatlarını maliyyə ili başa çatdıqdan 3 ay müddətində müvafiq auditor rəyi ilə birlikdə Azərbaycan Respublikasında nəşr olunan 2 qəzetdə dərc etdirməli və özünün rəsmi internet səhifəsində yerləşdirməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin