SİYASƏT
İXTİSASLAŞDIRILMIŞ KURSLARDA NAMİZƏDLƏRİN QEYDİYYATI VƏ SEÇKİLƏRDƏ DAXİLİ İŞLƏR ORQANLARININ VƏZİFƏLƏRİ BARƏDƏ MƏRUZƏLƏR DİNLƏNİLMİŞDİR
Bakı, 11 sentyabr (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar dairə seçki komissiyalarının (DSK) sədrləri üçün təşkil etdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar sentyabrın 11-də davam etdirilmişdir.
Əvvəlcə MSK-nin üzvü Fuad Cavadov “Bələdiyyə seçkiləri zamanı namizədlərin irəli sürülməsi və qeydiyyatı. Qeydə alınan namizədlərin statusu” mövzusunda məruzə etmişdir.
Seçkilərdə iştirak etmək istəyən siyasi partiyalar və siyasi partiya blokları tərəfindən təqdim olunmalı hüquqi sənədlər haqqında danışan komissiya üzvü namizədlərin qeydə alınmasının protokol qaydaları barədə ətraflı məlumat vermişdir.
Namizədliyi qeydə alınanlar tərəfindən götürüləcək öhdəliklər və seçkilərdə iştirak üçün ödənişlər haqqında da geniş söhbət açılmışdır.
Seçki prosesinin hüquqi əsaslarından danışan F.Cavadov namizədliyin ləğvinə əsas verən qanun pozuntularını iştirakçıların diqqətinə çatdırmışdır.
Sonra daxili işlər nazirinin müavini general-leytenant Oruc Zalov dinləyicilər qarşısında “Bələdiyyə seçkilərində daxili işlər orqanları, qeydiyyat və şəxsiyyət vəsiqəsi bölmələri və qruplarının vəzifələri” mövzusunda məruzə etmişdir.
Seçki prosesində Daxili İşlər Nazirliyinin üzərinə düşən vəzifələrdən danışan nazir müavini asayişin yüksək səviyyədə qorunması, vətəndaşların yaşayış yerləri üzrə düzgün qeydiyyatı və şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məsələlərinə toxunmuşdur.
Zərurət yaranmadığı üçün bəzi vətəndaşların milli şəxsiyyət vəsiqəsi almaqdan ötrü müraciət etmədiklərini diqqətə çatdıran O.Zalov, seçki siyahılarının dəqiq və düzgün tərtib olunması üçün belə şəxslərin sahə inspektorları tərəfindən qeydiyyatının aparıldığını və şəxsiyyət vəsiqəsi ilə təmin olunduğunu bildirmişdir.
Məruzədə sahə inspektorlarının işinin təkmilləşdirilməsi və ərazilərdə yeni məntəqələrin yaradılması, polis-vətəndaş münasibətləri haqqında söhbət açılmışdır. Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayevin “Bələdiyyələrin milli assosiasiyalarının təşkili. Assosiasiyaların məqsəd və vəzifələri” mövzusunda məruzəsi də maraqla dinlənilmişdir.
Xatırladaq ki, sentyabrın 23-25-də isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaqdır.
######