MƏDƏNİYYƏT
“İyirmi il müstəqillik yollarında” mövzusunda kitab sərgisi böyük maraqla qarşılanmışdır
Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Nəsimi Rayon İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə Zorge bağında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “İyirmi il müstəqillik yollarında” mövzusunda kitab sərgisi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Nəsimi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə son illər Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə nəşr edilmiş kitablar nümayiş olunmuşdur.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev çıxış edərək 20 il ərzində görülmüş işlərdən, qazanılmış uğurlardan geniş söhbət açmışdır.
Natiq bildirmişdir ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz yeni inkişaf yoluna qədəm qoymuşdur. Məhz bunun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan bütün beynəlxalq qurumların hesabatlarında ən yüksək inkişaf etmiş dövlətlərdən biri kimi göstərilir.
Ötən 20 ildə Azərbaycan özünün yeni inkişaf modelini yaratmışdır və bu model ölkəmizi daha da inkişaf etdirəcəkdir. Bu gün Azərbaycan Qafqazın ən modern, ən inkişaf etmiş güclü dövlətidir. Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda cəmlənmişdir.
Tədbirdə tanınmış müğənnilərin və rayonun bədii özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılanmışdır.