İyunda Azərbaycanda süni intellekt çat-botlar bazarında yeni dinamika formalaşıb – Təhlil
Bakı, 2 iyul, AZƏRTAC
İyun ayında Azərbaycanda bütün platformalar - kompüter, mobil cihaz və planşetlər üzrə süni intellekt (AI) “chatbot” bazarında “ChatGPT” lider mövqeyini daha da gücləndirib.
AZƏRTAC “Statcounter” agentliyinin məlumatına istinadla xəbər verir ki, hesabat dövründə “ChatGPT”nin bazar payı 85,86 faizə yüksəlib. Bu göstərici may ayı ilə müqayisədə 6,34 faiz artsa da, ötən ilin eyni dövrünə nisbətən 10,35 faiz aşağıdır.
Reytinqdə ikinci yeri 4,48 faiz bazar payı ilə “Google Gemini” tutub. Platformanın payı ay ərzində 8,98 faiz azalıb, illik müqayisədə isə 3,71 faiz artıb. Bununla da “Google Gemini”nin bazar payı son iki ayda təxminən 4,5 dəfə azalıb. Üçüncü pillədə qərarlaşan “Perplexity”nin bazar payı 4,47 faiz təşkil edib. Bu platforma aylıq müqayisədə 2,41 faiz, illik müqayisədə isə 3,98 faiz artım göstərib.
“Claude” 3,81 faiz bazar payı ilə dördüncü yerdə qərarlaşıb. Onun payı may ayı ilə müqayisədə 0,98 faiz, ötən ilin iyun ayı ilə müqayisədə isə 3,67 faiz artıb. İlk beşliyi 1,38 faiz bazar payı ilə “Microsoft Copilot” tamamlayıb. Platformanın payı aylıq müqayisədə 0,74 faiz, illik müqayisədə isə 1,01 faiz azalıb.
Platformalar üzrə statistikaya əsasən, kompüterlərdə “ChatGPT” 84,81 faiz bazar payı ilə liderliyini qoruyur. Bu seqmentdə “Perplexity” 4,84 faizlə üçüncü, “Google Gemini” isə 4,45 faizlə dördüncü yerdə qərarlaşıb. “Claude”un payı 4,32 faiz, “Microsoft Copilot”un payı isə 1,58 faiz təşkil edib.
Mobil cihazlarda “ChatGPT”nin üstünlüyü daha qabarıqdır. İyun ayında onun bazar payı 92,96 faizə çatıb. “Google Gemini” 4,69 faiz, “Perplexity” 2,05 faiz, “Claude” isə 0,29 faiz pay əldə edib.
Hesabat dövründə planşetlərdə istifadə isə tamamilə “ChatGPT”nin payına düşüb. Belə ki, platformanın bazar payı 100 faiz təşkil edib.
“DataReportal” platformasının hesabatına əsasən, ölkədə internetdən 9,23 milyon nəfər istifadə edir ki, bu da əhalinin təxminən 89 faizini təşkil edir. Eyni zamanda, Azərbaycanda 6,73 milyon sosial media istifadəçisi və 12,2 milyon mobil bağlantı qeydə alınıb. Mütəxəssislərin fikrincə, internet və rəqəmsal xidmətlərdən istifadənin genişlənməsi süni intellekt əsaslı “chatbot” platformalarının yayılmasına da müsbət təsir göstərir.