CƏMİYYƏT
İYUNUN 17-Sİ SƏHİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-si səhiyyə işçilərinin peşə bayramıdır. Dövlət başçısının həyata keçirdiyi sosial siyasətin mühüm tərkib hissəsi səhiyyənin inkişafına yönəlib. Bu sahədə çox əhəmiyyətli qanunvericilik aktları, dövlət proqramları, qanun və qərarlar qəbul edilmiş, səhiyyə ocaqlarının inkişafı, mövcud problemlərin aradan qaldırılması məqsədi ilə mühüm tədbirlər həyata keçirilmişdir.
Səhiyyənin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılmışdır ki, bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açmışdır.
Müstəqil respublikamız ötən illərdə səhiyyə sahəsində bir çox uğurlar qazanmışdır. Son illər ərzində Səhiyyə Nazirliyi tərəfindən ən vacib sahələr üzrə dövlət proqramları hazırlanmışdır. Hazırda böyrək xəstəliklərindən əziyyət çəkən insanların 95 faizi dövlət hesabına hemodializlə və dərman preparatları ilə təmin olunur. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi nəcib layihələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan bu proqramlar çərçivəsində 1100-dək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapmışdır. Ötən il Talassemiya Mərkəzinin açılışı Azərbaycan səhiyyəsinə ən sanballı töhfələrdən biri olmuşdur. Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində tikilərək istifadəyə verilən mərkəz həmin xəstəliyə düçar olanlar və onların yaxınları üçün ümid yerinə çevrilmişdir.
Ötən il Naxçıvan şəhərində yeni doğum evinin, Şahbuz rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışı, Hacıqabul Rayon Uşaq Tibb Mərkəzinin, Quba və Şamaxıda müalicə-diaqnostika mərkəzlərinin, Bakıda Respublika Perinatal Mərkəzinin, Daxili İşlər Nazirliyinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının yeni binasının açılış mərasimləri olmuşdur. 2010-cu ildə Respublika Klinik Uroloji Xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Respublikamızda uğurla həyata keçirilən səhiyyə islahatları, eyni zamanda infrastrukturun yeniləşdirilməsinə, tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə xidmət edir. Ötən dövr ərzində səhiyyə müəssisələrinin inşası, əsaslı təmiri və yenidənqurulması istiqamətində çox böyük işlər görülmüşdür. Bakıda və ölkənin digər regionlarında 300-dən çox tibb müəssisəsinin tikintisi və əsaslı təmiri aparılmışdır. 20 ildən artıq tikintisi yarımçıq qalan akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Milli Onkologiya Mərkəzinin yeni korpusunun açılış mərasimləri olmuşdur.
Bakı şəhərinin qəsəbə və kəndlərində 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair qəbul olunan dövlət proqramı səhiyyənin inkişafına da öz müsbət təsirini göstərmişdir. Son illər ərzində Tibb Universitetinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, ölkədə tibbi kadrların hazırlanması səviyyəsinin yüksəldilməsi məqsədi ilə bəzi tədris klinikaları yaradılmışdır. Respublikamızın bir çox bölgələrində beynəlxalq standartlara cavab verən yeni müalicə-diaqnostika mərkəzləri tikilmişdir. Prezident İlham Əliyevin bu müalicə-diaqnostika mərkəzlərinin açılışında şəxsən iştirak etməsi də onun səhiyyə sisteminə yüksək qayğısının əyani təzahürü olaraq diqqət çəkir. Bu diaqnostika mərkəzlərində ən unikal cərrahi əməliyyatların aparılması üçün hər çür şərait yaradılmış, məşhur Avropa və Yaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıq quraşdırılmışdır.
2008-ci il fevralın 1-dən dövlət müəssisələrində pullu xidmətin ləğv edilməsi də xüsusi vurğulanmalıdır. Əhalinin rifah halının yaxşılaşmasına xidmət edən bu addım ölkə vətəndaşlarının bir daha dövlət qayğısı ilə əhatə olunduğundan xəbər verir.
Səhiyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də dövlət başçısının diqqət mərkəzindədir. Son illər ərzində səhiyyə işçilərinin maaşı dəfələrlə artırılmışdır. Aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibbi xidmətdən yüksək səviyyədə yararlanır. Bir sözlə səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.