SİYASƏT
İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA
TEMATİK ƏLAVƏ
Elə hadisələr olur ki, onların əhəmiyyəti ancaq illər ötdükcə özünü büruzə verir. Respublikanın sabiq rəhbəri Heydər Əliyevin 10 il əvvəl hakimiyyətə qayıtması Azərbaycanda belə tarixi hadisə olmuşdur.
Parçalanmış və düşkünləşmiş ölkə bütün köhnə sovet quruluşunu “kökünədək” dağıdaraq, uçurum kənarına gəlib çıxmışdı.
Müstəqilliyin iki ili ərzində gözdən-nüfuzdan salına bilən nə vardısa, hamısı “uğurla”, artıqlamasilə yerinə yetirmişdi. Xalq çaşbaş qalmışdı. Müstəqil Azərbaycanın rəhbərləri hansısa bir xilasedici həqiqəti tapmaq üçün vurnuxurdular.
Hamı nə isə vəd edirdi. Amma bir şey edə bilmirdi. Yaxud da etmək istəmirdi. Bəziləri ölkədə tam dağıntı fonunda nümayişkaranə şəkildə gələcəklə bağlı siyasi vədlər verməklə məşğul idi – ayrı-ayrı zavod və müəssisələrdə əməkçilərə ərzaq paylayır, ucuz pal-paltar satışı təşkil edirdilər. Üstəlik, ümidsiz həyatdan qəzəblənmiş nümayişçiləri Bakının meydanlarında ərzaq və içkilərlə təchiz etməyi də rəva görürdülər.
Amma ölkə ilə heç kim məşğul olmurdu. Ciddi siyasətçilərdən heç kəs respublikaya görə məsuliyyəti öz üzərinə götürmək istəmirdi.
Bu, həqiqətdir. Həqiqət bir də onda idi ki, həmin iğtişaşlı-təlatümlü günlərdə Azərbaycan yenidən artıq onda çox da cavan olmayan bir insana – Heydər Əliyevə arxalanmaq qərarına gəldi. 1993-cü ildə onun 70 yaşı vardı. Bunu unudurlar.
Unudurlar ki, bu siyasətçi ölkədəki qarmaqarışıqlığa ikicə ildə - 1993-cü ildən 1995-ci ilədək son qoya bildi. Halbuki, o vaxt onun yeni komandası, əslində, yox idi. Bir çox köhnə silahdaşları ona xəyanət etmişdi. Onun komandası xalq idi.
Bu da həqiqətdir.
Prezident 1996-cı ildən ölkədə köklü iqtisadi islahatlara başlayır. İlk öncə aqrar sahədə: kolxoz və sovxozlar ləğv edilməyə başlanır, torpaq təmənnasız olaraq kəndlilərə verilir.
1993-cü ildən 2003-cü ilədək bu 10 il Heydər Əliyevin həyatında və siyasi karyerasında, bəlkə də, ən ağır illər idi. O, ölkəni uçurumun kənarından uzaqlaşdıra, normal inkişaf yoluna çıxara bildi.
Bu da həqiqətdir – onu da unutmaq olmaz.
“İzvestiya-Azərbaycan”ın bugünkü buraxılışı Azərbaycanın müstəqil inkişafının son 10 ilinə həsr edilmişdir. Şübhə yoxdur ki, bu dövr tarixə ölkənin taleyində dönüş dövrü kimi daxil olacaqdır.
NECƏ İDİ
* Ölkədə çörək çatışmırdı, növbələr düzülürdü
* Torpaq kolxozlara məxsus idi və istifadəsiz qalmışdı
* Əlisilahlı naməlum adamlar şəhər və kəndləri vahimə içində saxlayırdılar
* İnflyasiya ildə 1800-2000 faiz təşkil edirdi
NECƏ OLDU
* Ölkə özünü çörəklə, demək olar, təmin edir
* Torpaq təmənnasız olaraq kəndlilərə verilmişdir və əkilib-becərilir
* Ölkədə əmin-amanlıq və qayda-qanun var, insan özünü müdafiə olunmuş hiss edir
* İnflyasiyanın illik artımı 2,5 faizi keçmir
Vasitəsiz nitq
Tofiq FEYZULLAYEV,
biznesmen:
- Mən - ölkəmizdə baş vermiş hadisələri yəqin ki, hamıdan yaxşı görürəm. 1992-ci ildə Moskvaya köçməyə məcbur oldum, sadəcə olaraq, ailəm üçün qorxurdum və halallıqla pul qazana bilmirdim. Lakin 1996-cı ildə doğma ölkəmə qayıtdıqda başa düşdüm ki, vəziyyət yaxşılığa doğru dəyişməyə başlamışdır. İndi mən təşkilat texnikası təzhizatçısı olan iri bir şirkətin direktoruyam. 1990-cı illərin əvvəllərindəki vəziyyəti 2000-ci ildəki vəziyyətlə müqayisə edərək, inamla deyə bilərəm ki, yaxşılığa doğru dəyişikliklər baş vermişdir. Sabaha inam yaranmışdır.
Məmmədtağı CƏFƏROV,
MEA-nın akademiki, Azərbaycan Kənd Təsərrüfatı
Akademiyasının rektoru
- On il əvvəlki dəhşəti ürək ağrısı ilə xatırlayıram. Bu, Azərbaycan üçün çətin bir dövr idi, lakin müəyyən qüvvələrin qızışdırdığı vətəndaş qarşıdurmasının, bir növ, mərkəzinə çevrilmiş Gəncə üçün xüsusilə ağır dövr idi. Şəhərdə anarxiya və özbaşınalıq hökm sürürdü. Hüquq-mühafizə orqanlarının bir hissəsi bədnam Surət Hüseynovun tərəfinə keçmişdi. O, öz quldur dəstələrinə arxalanaraq, təkcə Gəncədə deyil, bir sıra şəhər və rayonlarda da icra hakimiyyətlərinin başçılarını dəyişmişdi. Sanki mümkün olmayan bir işi yalnız Heydər Əliyevin hakimiyyətə qayıtması, çox böyük dövlətçilik fəaliyyəti sayəsində həyata keçirmək mümkün oldu: ölkə od-alov içindən çıxmış Səməndər quşu kimi qısa bir müddətdə dirçəldi.
Adil KƏRİMOV,
pedaqoq:
- Hər bir insanın həyatında ağır sınaq günləri olur, bu sınaqlardan sağ-salamat çıxmaq yalnız o halda mümkün olur ki, dövləti müdrik, bəsirətli, zəngin təcrübəli insan idarə etsin. Allah Azərbaycanı o qədər sevir ki, fenomenindən dünyada çoxlarının danışdığı Heydər Əliyev kimi nadir bir insanı iki dəfə hakimiyyətə gətirmişdir. Prezidentimizə möhkəm cansağlığı və qüvvət, çox gərgin fəaliyyətində uğurlar arzulayıram.