MƏDƏNİYYƏT
Janna Qondolko: Qəbələ festivalı Azərbaycanın zəngin klassik musiqisi ilə yaxından tanışlığa imkan yaradır
Qəbələ, 30 iyul (AZƏRTAC). Qəbələ festivalı şəhərə gələn qonaqlara Azərbaycanın zəngin klassik musiqisi ilə yaxından tanış olmaq imkanı yaradır. Təbiətin qoynunda keçirilən bu möhtəşəm ənənəvi beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi tarixində yenilikdir.
Bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uğurla davam edən V Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, Yerusəlim Simfonik Orkestrinin üzvü, skripkaçı Janna Qondolko AZƏRTAC-a müsahibəsində demişdir.
Janna Qondolko Qəbələyə toplaşan dünyanın görkəmli musiqi xadimlərinin konsertlərinin böyük tamaşaçı auditoriyasına əsl musiqi bayramı yaşatdığını xüsusilə vurğulamışdır. O, sıx meşələrlə əhatə olunmuş kiçik əyalət şəhərində gözəl təbiətin qoynunda keçirilən bu mötəbər sənət bayramının vaxtilə iştirakçısı olmaq arzusunu səmimiyyətlə dilə gətirmişdir.
Festivalın çox yüksək səviyyədə keçirildiyini deyən skripkaçı xanım bu mötəbər tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir: “Bu yerlərdən böyük zövq aldım. Ümumiyyətlə, Azərbaycan Şərq və Qərb memarlıq nümunələrinin elementlərini özündə birləşdirir. Qəbələnin qədim, həm də müasir arxitekturası məni valeh etdi”.
Janna Qondolko Azərbaycan xalçaları ilə xüsusilə maraqlandığını, vətəninə dönərkən xalçalarımızdan dostlarına hədiyyə aparacağını diqqətə çatdırmışdır.