DÜNYA
Jerar Depardye fransız vətəndaşlığından imtina edir
Paris, 17 dekabr (AZƏRTAC). Sosialistlər hakimiyyətə gəldikdən sonra Fransada vergilərin həddindən artıq artırılmasına etiraz əlaməti olaraq Belçikaya köçən məşhur aktyor Jerar Depardye Fransa vətəndaşlığından imtina etməyi qərara almışdır. Pasportunu qaytaran aktyorun atdığı addım ölkədə böyük hay-küyə səbəb olmuş, ictimaiyyət və ölkə rəsmiləri tərəfindən birmənalı qarşılanmamışdır.
Baş nazir Jan-Mark Eyrolt aktyorun bu hərəkətini pisləmişdir. Aktyor Baş nazirə göndərdiyi açıq məktubunda fransız vətəndaşlığından çıxdığını, daha artıq onunla həmvətən olmadığını, həqiqi avropalı və dünya vətəndaşı kimi qaldığını bəyan etmişdir.
Bu ilin sonunda 64 yaşı tamam olan dünyaşöhrətli aktyor Baş nazirə göndərdiyi məktubunda 14 yaşından əmək fəaliyyətinə başladığını, vergiləri həmişə mütəmadi ödədiyini, 45 il müddətində 145 milyon avro gəlir vergisi verdiyini xatırlatmış və təkcə 2012-ci ildə əldə etdiyi gəlirdən 85 faiz vergi ödədiyini bəyan etmişdir
Aktyorun bu hərəkəti həmkarları arasında da rezonans doğurmuşdur. Onların bəziləri aktyorun bu hərəkətini pisləmiş, digərləri isə varlı adamların gəlirindən daha çox vergi tutulması barədə hökumətin son qərarına etiraz edən aktyora haqq qazandırmışlar.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris