DÜNYA
Kaliforniyadakı Santa-Monika kollecində atışma baş vermişdir
Vaşinqton, 8 iyun (AZƏRTAC). İyunun 7-də Amerikanın daha bir təhsil müəssisəsində atışma baş vermişdir. Bu dəfə Los-Anceles şəhərinin Qərbində yerləşən Santa-Monika kollecində atəş səsləri eşidilmişdir.
Kaliforniyadakı Santa-Monika kollecində naməlim şəxs odlu silahdan atəş açaraq 6 nəfəri qətlə yetirmişdir.
Səhər saat 11.55-də 911 telefon xidmətinə zəng vuran şəxs kollecin yaxınlığında bir evin yanmasını xəbər vermişdir. Sonradan məlum olmuşdur ki, şübhəli şəxs həmin evdə iki nəfəri güllələmiş və evi yandırmışdır. Növbəti məlumatda göstərilirdi ki, şübhəli şəxs bir avtomobili zorla ələ keçirmiş, sonra isə yolda qarşısına çıxan insanlara və maşınlara atəş aça-aça universitet tərəfə sürmüşdür.
Polis bildirir ki, cinayətkarın potensial hədəfi kollecin kitabxanası ola bilər. Bu şəxs kitabxanaya gəlmiş, orada onunla polis arasında atışma baş vermiş və polis onu güllələmişdir.
Beləliklə, cani özü də daxil olmaqla 6 nəfər öldürülmüş və daha bir neçə nəfər yaralanaraq xəstəxanaya qoyulmuşdur. Şahidlərin dediyinə görə, ağ irqə mənsub olan caninin əynində qara rəngli paltar və zirehli jilet vardı. Araşdırma davam edir.
Yusif Babanlı
Vaşinqton