SİYASƏT
Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun illik görüşü keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Noyabrın 28-də Kanada parlamentində Kanada-Azərbaycan parlamentlərarası dostluq qrupunun illik görüşü keçirilmişdir.
Azərbaycanın Kanadadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, səfir Fərid Şəfiyevin də iştirak etdiyi görüşdə dostluq qrupunun sədri və sədr müavinləri seçilmişdir. Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Barri Devolin yenidən qrupun sədri seçilmişdir.
Görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur. Səfir F.Şəfiyev tədbirdə çıxış edərək ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasındakı əlaqələrin inkişafında vacib rol oynadığını bildirmiş, deputatlardan ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etmişdir.
Dostluq qrupunun sədri Barri Devolin Kanadanın Azərbaycan ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmışdır. Sədr dünyəvi dövlət olan Azərbaycanın ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından Kanada üçün vacib ölkə olduğunu bildirmişdir.